Avstraliyanın Nyukasl şəhərində avtomobilin reqbi azarkeşlərinin üzərinə çırpılması nəticəsində 10 nəfər xəsarət alıb.Bu barədə “SBS News” məlumat yayıb.
Hadisə şənbə günü saat 09:30 radələrində şəhərin Uolsend rayonunda baş verib. Azarkeşlər “Nyukasl Nayts” reqbi komandasının final matçına yola salınması üçün yol kənarında toplaşıblar.
Yeni Cənubi Uels Təcili Tibbi Yardım Xidmətinin məlumatına görə, xəsarət alanlardan 5 yaşlı qız və 67 yaşlı kişi ağır vəziyyətdədir. Digər 8 nəfərin vəziyyətinin stabil olduğu bildirilir. Yaralılar xəstəxanaya çatdırılıb.
Hadisə yerinə 10 təcili tibbi yardım maşını və üç helikopter cəlb olunub. Yeni Cənubi Uels polisi avtomobilin 18 yaşlı sürücüsünün hadisə yerində saxlanıldığını bildirib. Hadisə ilə bağlı araşdırma aparılır. İlkin məlumatlara görə, hadisənin terrorla əlaqəsi yoxdur.
Hadisə səbəbindən “Nyukasl Nayts” komandasının avtobusunun əvvəlcədən planlaşdırılan marşrutu dəyişdirilib. Klub təhlükəsizliyin prioritet olduğunu açıqlayıb.
Yeni Cənubi Uelsin Baş naziri Kris Minns hadisəni “ürəkağrıdıcı” adlandırıb və xəsarət alanların ailələrinə dəstəyini ifadə edib.

