Dünya · Ədalət

Ermənistan Amuldağ yatağında hasilata başlayır: Azərbaycan risklər barədə xəbərdarlıq etmişdi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Ermənistan Amuldağ yatağında hasilata başlayır: Azərbaycan risklər barədə xəbərdarlıq etmişdi xəbəri üçün şəkil

Ermənistan Amuldağ (Amulsar) qızıl yatağının istismarına başlanacağını açıqlayıb.

Bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan "Facebook" səhifəsində paylaşım edib.

"Biz Vayots Dzor vilayətinə gəldik: Amulsar yatağının istismarına start veriləcək", - deyə Ermənistanın Baş naziri yazıb.

Paşinyanla birlikdə Vayots Dzor vilayətinə iqtisadiyyat naziri Gevorq Papoyan, ərazi idarəetməsi və infrastruktur naziri David Xudatyan, yüksək texnologiyalar sənayesi və süni intellekt naziri David Tadevosyan da gedib.

Amuldağ qızıl yatağı Ermınistanın cənubunda, Cermuk şəhəri yaxınlığında yerləşir. Yatağın işlənməsi "Lydian Armenia" şirkəti tərəfindən həyata keçirilir.
Şirkətin açıqladığı məlumatlara görə, yatağın təsdiqlənmiş ehtiyatları təxminən 73,7 ton qızıl və 294,4 ton gümüş təşkil edir. Yataqda təxminən 89,4 milyon ton filiz olduğu bildirilir. Layihə çərçivəsində açıq üsulla hasilat nəzərdə tutulur.

Azərbaycan QHT-ləri yatağın istismarına etiraz etmişdi

Qeyd edək ki, Azərbaycada Amuldağ yatağının istismarı ilə bağlı ekoloji narahatlıqlar əvvəllər də gündəmə gətirilib. Belə ki, Amuldağ yatağı təbii mineral su yatağı olan İstisu (Cermuk) şəhərindən 13 kilometr məsafədə yerləşir, yatağın istismarı İstisu mineral bulaqlarına məhvedici zərər vurur. Naxçıvan ərazisindən axan Arpaçay, eləcə də, Bazarçay Araz çayına və oradan da Xəzər dənizinə tökülür. Bu da nəinki Azərbaycan, eləcə də, Xəzəryanı ölkələr üçün ciddi problemlər yaradır. Yatağın istismarı ilə bağlı ekoloji risklər barədə fikirlər Azərbaycan QHT-lərinin və bəzi beynəlxalq ekoloji təşkilatların mövqeyidir. 2023-cü ilin iyulunda Azərbaycanın bir qrup qeyri-hökumət təşkilatı Ermənistanın baş naziri Nikol Paşinyana açıq məktub ünvanlayaraq ölkədə dağ-mədən sənayesi fəaliyyətlərinin ətraf mühitə və regionun su ehtiyatlarına mümkün təsirləri ilə bağlı narahatlığını ifadə edib. QHT-lər Amuldağ yatağının istismarının dayandırılmasına və ətraf mühitə təsirlə bağlı araşdırmaların yoxlanılmasına çağırıblar.

2024-cü ilin yanvarında "Environmental Protection First" Koalisiyası da Amuldağ yatağında işlərin dayandırılmasını tələb edən bəyanata dəstək verib. Koalisiya beynəlxalq ekspertlərin və ixtisaslaşmış QHT nümayəndələrinin yataqda monitorinq aparmasına, nümunələr götürməsinə və nəticələri ictimaiyyətə açıqlamasına şərait yaradılmasını istəyib.
QHT-lərin narahatlığı əsasən mədən fəaliyyətinin su ehtiyatlarına və biomüxtəlifliyə mümkün təsirləri, eləcə də tullantıların transsərhəd çay sistemlərinə təsiri ilə bağlıdır.

Bu məsələ oktyabrın 5-də "Environmental Protection First" Koalisiyasının brifinqində də vurğulanıb. Tədbirdə Ermənistanın Amuldağ yatağının istismarı ilə bağlı ətraf mühitə təsirin qiymətləndirilməsi hesabatını təqdim etmədiyi vurğulanıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑