Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi quruma üzv dövlətlərin səfirlikləri ilə birgə ənənəvi “Avropa Təamları” Kulinariya Festivalının 4-cü buraxılışını keçirib.
525.az xəbər verir ki, festivalda Avstriya, Belçika, Xorvatiya, Fransa, Almaniya, Polşa, Portuqaliya, Slovakiya və İspaniyanın səfirlikləri öz ölkələrinin milli mətbəx nümunələrini festival iştirakçılarına təqdim ediblər.
Aİ-nin Azərbaycandakı səfiri Mariana Kuyundjiç çıxışında hava şəraitinə baxmayaraq, tədbirə göstərilən böyük marağı vurğulayıb. Bildirib ki, Bakıda “Avropa Təamları” Kulinariya Festivalının 4-cü buraxılışını təşkil etməkdən böyük məmnunluq duyurlar:
“Azərbaycanlı dostlarımızı Avropa ləzzətlərindən və mədəniyyətindən birlikdə zövq almağa dəvət edirik! Bu tədbir Avropa ölkələrinin milli mətbəxləri, mədəniyyətləri və ənənələri ilə tanış olmaq, yeni dadları kəşf etmək, ailə və dostlarla unudulmaz gün keçirmək üçün gözəl fürsətdir. Xüsusilə bu tədbirin Aİ ilə Azərbaycan arasında tərəfdaşlığın 30 illiyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində keçirildiyini qeyd etməkdən qürur duyuram”.
Daha sonra digər Aİ ölkələri səfirləri çıxış edərək, iştirakçıları öz dillərində salamlayıblar. Ardınca onlar festivaldakı stendlərlə tanış olublar.
Festivalda Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev iştirak edib.
Aİ Nümayəndəliyinin stendində tanınmış qida bloqerləri Elmira Qədirova və Nəzakət Cəfərovanın (Nazlinin_mətbəxi) iştirakı ilə kulinariya ustad dərsləri keçirilib. Aİ layihəsindən faydalanmış yerli fermerlər də festivalda iştirak edərək üzvi qida məhsullarını nümayiş etdirib və satışa çıxarıblar.
Tədbir zamanı viktorinaların qalibləri “Taste of Europe” kitabı da daxil olmaqla müxtəlif hədiyyələr qazanmaq imkanı əldə ediblər. Aİ Nümayəndəliyi tərəfindən nəşr olunan kitabda Aİ-yə üzv olan 27 dövlətin ənənəvi reseptləri Azərbaycan dilinə tərcümə olunaraq təqdim edilir.
Festival çərçivəsində tədbirdən əvvəl “Azeri Home Chef” Facebook səhifəsi tərəfindən təşkil olunan Avropa yeməkləri üzrə kulinariya müsabiqəsinin və rəsm müsabiqəsinin qalibləri də mükafatlandırılıb. Festival zamanı Azərbaycan və Avropa dillərində çıxış edən yerli musiqiçilərin iştirakı ilə konsert proqramı da təşkil olunub.
Pərvanə Sultanova








